Akademik Zərifə Əliyeva adına Liseyin rəhbərliyi, pedaqoji kollektivi və şagirdləri adından, uzunillik səmərəli əməkdaşlıq çərçivəsində liseyimizin yaxın dostu və dəfələrlə əziz qonağı olmuş Ukraynanın Akademik Zərifə Əliyeva adına İrpen Humanitar “Linqvist” Liseyinin direktoru, tanınmış maarifçi Valentina Antonenkonun vəfatından dərin kədər hissi keçirdiyimizi bildiririk.
Valentina Antonenko hər zaman iki təhsil müəssisəsi arasında qurulan dostluq və əməkdaşlıq körpülərinə xüsusi önəm verir, Azərbaycana hər səfərini böyük məmnuniyyətlə xatırlayırdı. O, rəhbərlik etdiyi təhsil ocağının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli alim, akademik Zərifə Əliyevanın adını daşımasından hər zaman böyük qürur duyduğunu vurğulayır, liseyimizi ziyarət edərkən keçirdiyi xoş təəssüratları yüksək qiymətləndirirdi.
Valentina xanımın əziz xatirəsi, iki məktəb arasında dostluq münasibətlərinin inkişafındakı xidmətləri və səmimi şəxsiyyəti qəlbimizdə daim yaşayacaqdır.
Görkəmli pedaqoqun vəfatı ilə əlaqədar İrpen Humanitar “Linqvist” Liseyinin kollektivinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!




