"Ən yaxşı oxucu mənəm" müsabiqəsi

04 Mart 2015

Akademik Zərifə Əliyeva adına liseydə 3 noyabr 2014-cü il tarixində "Ən yaxşı oxucu mənəm" müsabiqəsinə start verilmişdi. Müsabiqədə hər bir şəxsin maraq dairəsinə uyğun müxtəlif mövzulara aid oxunan ədəbiyyat haqqında çıxışların münsiflər tərəfindən dinlənilməsi və buna aid hazırlanan layihələrə baxışın keçirilməsi nəzərdə tutulurdu. 
Bu gün kompyuter texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə kompyuterin imkanlarından istifadə sanki bədii qiraəti, ümumiyyətlə, mütaliəni geridə qoymuş, şagirdlərin kitabla ünsiyyətini, demək olar ki, yox dərəcəsinə endirmişdir. Danılmaz bir faktdır ki, mütaliə şagirdin nitqini həm formalaşdırır, həm də zənginləşdirir.
Müsabiqənin keçirilməsində yalnız bir məqsəd var idi. Məqsəd kitaba -zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən - nəsillərə yetirən fikir gəmisinə şagirdlərin fikrini yönəltməkdən ibarət idi.
Şagirdlər kitabın gözə görünməyən barmaqları ilə qəlbimizin tellərində incə meh kimi suların şırıldayan musiqisini çalan bir dünya olduğunu anlayırdılar. 
2 mart 2015- ci ildə müsabiqənin ilk mərhələsi baş tutdu.
I mərhələdə liseyin direktoru, informasiya resurs  mərkəzinin müdiri, İKT üzrə müdir müavini  və fənn müəllimlərindən ibarət münsiflər heyəti seçilmişdir. 

I mərhələyə verilən tələblər: 

Bu mərhələdə hər bir iştirakçıya 15 dəqiqə vaxt ayrılır. Bu vaxt ərzində iştirakçı layihəsi haqqında məlumat verir və layihə işini nümayiş etdirirQiymətləndirmə 100 ballıq şkala üzrə aparılır. Bunlardan 70 baladək qiymət iştirakçının şifahi təqdimatına verilir. Burada şagirdin düzgün, dəqiq, səlis və əsaslandırılmış nitqi vacib şərt kimi irəli sürülür. Digər 30 bal kompyuterdə hazırlanmış layihə işinə verilir. Ümumi balı 90-ı keçmiş iştirakçı II mərhələyə buraxılır. 

İlk mərhələdə liseyin 40-a yaxın şagirdi layihə işini nümayiş etdirdi. Bu mərhələdə 20-ə yaxın iştirakçı II mərhələyə keçmə hüququ əldə etdi. 

II mərhələ 4 mart 2015-ci il tarixində keçirildi. Qiymətləndirmə I mərhələdə olduğu kimi aparıldı. Ümumi balı 95-i keçmiş iştirakçılar münsiflər heyətinin qərarı ilə müəyyən yer tutdular. 

Qaliblərin təntənəli şəkildə qiymətli hədiyyələrlə mükafatlandırılması məktəbin müdiriyyəti tərəfindən həyata keçirildi. Bütün iştirakçılara diplom və sertifikatlar verildi.