18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib

16 Oktyabr 2026

Akademik Zərifə Əliyeva adına liseydə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib.

Tədbirdə 10r2 sinif şagirdlərinin hazırladıqları təqdimatlar nümayiş etdirilib. Şagirdlər öz çıxışlarında Azərbaycanın müstəqilliyini elan etdiyi gündən başlayaraq bu günədək keçdiyi tarixi yolu ardıcıllıqla işıqlandırıb, dövlət müstəqilliyimizin bərpasının xalqımız üçün tarixi əhəmiyyətini və milli dəyər kimi qorunmasının vacibliyini vurğulayıblar.

Məzmunlu təqdimatlar və şagirdlərin təsirli çıxışları iştirakçılarda dərin təəssürat yaradıb. Çıxışlarda müstəqilliyin qorunub saxlanılmasında, ölkəmizin gələcəyinin qurulmasında müasir gəncliyin üzərinə düşən məsuliyyət xüsusi qeyd olunub. Şagirdlər bir daha nümayiş etdiriblər ki, müstəqilliyə sahib olmaqla yanaşı, onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək hər bir gəncin vətəndaşlıq borcudur.

Tarix müəllimi Rüfət Rizayevin rəhbərliyi ilə hazırlanan tədbir şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılığın, vətənpərvərlik ruhunun və müstəqil dövlətimizə sahiblik məsuliyyətinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Müstəqilliyimiz milli qürurumuz, dövlətçiliyimizin təməli və gələcəyimizin təminatıdır!