II Məktəblilərarası Astronomiya Olimpiadasında şagirdlərimizdən 2 medal

30 Aprel 2022

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri elan edilib.

Olimpiada Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsinin təşkilatçılığı ilə Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçirilib.

Təşkilat Komitəsinin qərarına əsasən, maksimal qiymətin 90%-ni toplamış iştirakçılar 1-ci yerə, 80%-ni toplamış iştirakçılar 2-ci yerə, 70%-ni toplamış iştirakçılar isə 3-cü yerə layiq görülüblər.
Liseyimizin XI sinif şagirdi Eşqin Alıyev I yer, Əkbər Əli isə III yerə sahib olub.
Şagirdlərimizi təbrik edir, bol-bol uğurlar arzulayırıq.

Qeyd edək ki, seçilmiş şagirdlər avqust ayında Gürcüstanda keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar.

Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən olimpiadanın məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıqlara cəlb olunmasıdır.

Qaliblərin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://docs.google.com/spreadsheets/d/1BpF_K78YUjuzd3zZiL9G3x-KpLlDx8L5B00TfbehKCY/edit#gid=0