“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

28 Mart 2019

Martın 28-də Təhsil Nazirliyində “Sabahın alimləri” VIII Respublika Müsabiqəsi çərçivəsində  dünyanın nüfuzlu təşkilatlarının sertifikatları təqdim edilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev son illər təhsil sahəsində həyata keçirilən islahatlar, istedadlı şagirdlərlə bağlı layihələr barədə ətraflı məlumat verib.

Tədbirdə 24 şagirdin yerinə yetirdiyi 18 layihəyə “İntel”in Mükəmməllik Mükafatı, Amerika Metrologiya Assosiasiyası, Vitro-biologiya Cəmiyyəti, RİCOH şirkəti, Qadın Geoalimlər Assosiasiyası, Amerika Psixologiya Assosiasiyası və Mü Alfa Teta Riyaziyyat Cəmiyyətinin sertifikatları təqdim edilib.

Qeyd edək ki, mükafatlandırılanlar arasında Bakı, Sumqayıt şəhərləri, Lənkəran, Ucar, Cəlilabad, İsmayıllı və Balakən rayonlarının ümumi təhsil məktəblərinin şagirdləri var. 

Akademik Zərifə Əliyeva adına liseydən tədbirdə iştirak edən 9-cu sinif şagirdi Həmidli Nihat və 11-ci sinif şagirdi Qədimli Nofəl Yale Elmi və Mühəndislik birliyi tərəfindən Komputer elmləri, Mühəndislik, Fizika və Kimyada ən görkəmli sərgiyə görə 2019-cu ilin mükafatına, 10cu sinif şagirdi Qədirzadə Aydan isə Ricoh şirkəti tərəfindən texniki innovasiyalar üzrə sertifikata layiq görülmüşlər.