Liseydə 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə Anım Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin xalqımızın tarixində qoyduğu silinməz izdən, Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan və tarixi Zəfərin milli qürur və yaddaşımızdakı əhəmiyyətindən bəhs olundu.
Daha sonra liseyin 2012-ci il məzunu, II Qarabağ müharibəsi şəhidi Namiq Quliyevin həyat və döyüş yolundan bəhs edən film nümayiş etdirildi. Film şagirdlər tərəfindən böyük diqqət və ehtiramla izlənildi.
Tədbirin sonunda liseyin direktoru Fərqanə İsayeva çıxış edərək şəhidlərimizin göstərdiyi qəhrəmanlığın heç zaman unudulmayacağını, onların əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyini vurğuladı və gənc nəslin Vətənə sevgi, milli-mənəvi dəyərlərə sədaqət və şəhidlərimizin müqəddəs irsinə ehtiram ruhunda tərbiyə olunmasının hər bir təhsil müəssisəsinin mühüm vəzifəsi olduğunu qeyd etdi.
Tədbir şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram və sonsuz minnətdarlıq duyğuları ilə başa çatdı.




